MONTENEQRO
Monteneqro (mont. Црна Гора, Crna Gora) — Avropada dövlət. Sahəsi 13812 km², əhalisi 2011-ci ilin siyahıya almasına əsasən 620.029 nəfərdir. Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqrın tarixi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən "baş şəhər" sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.
1878-ci ildә imzalanan Berlin Sazişi ilә Osmanlı dövlәtindәn ayrılan vә Birinci Dünya müharibəsindən sonra Yuqoslaviyanın tərkibinə daxil edilәn Monteneqrın qonşuları, Albaniya, “Kosova“ , Serbiya, Xorvatiya vә Bosniya və Herseqovinadır. Ölkə sahillərini cәnubunda Adriatik dәnizinin suları yuyur. İdarəetmə forması parlament respublikadır. Parlament birpalatalıdır. Baş nazir Duşko Markoviç. İnzibati ərazi bölgüsü 23 bələdiyyədən ibarətdir.
Monteneqro
mont. Црна Гора/Crna Gora
Himn: Oj svijetla majska zoro
COĞRAFIYASI
Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614 km təşkil edir. Qərbdə Xorvatiya ilə 14 km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225 km, şimal-şərqdə Serbiya və Kosovo ilə 203 km, cənub-şərqdə Albaniya ilə 172 km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300 km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6 km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73 km-dir. Yeddi ay ərzində sahildəki dəniz suyunun temperaturu +12°C ilə +26°C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.
Monteneqronun ən uzun çayları: Tara çayı (144 km), Lim çayı (123 km), Çeotina çayı (100 km), Moraça (99 km), Zeta (65 km) və Boyana çayıdır (30 km). Çayların təxminən 52,2%-i Qara dəniz hövzəsinə, yerdə qalan 47,8%-i isə Adriatik dənizi hövzəsinə aiddir. Monteneqronun üç çayı (Moraça, Zeta və Piva) ancaq Monteneqro ərazisi boyunca axır. Ölkədəki çayların böyük hissəsi dağ çaylarıdır və dərin kanyonlar formalaşdırırlar. Tara çayının kanyonu 1200 metr dərinliyindədir və bu göstəricisinə görə dünyada ikinci, Avropada isə birinci yeri tutur. Monteneqronun çaylarının enerji potensialı hər 1 km² ərazidə 115 kVt təşkil edir ki, bu da çox yüksək göstərici hesab olunur. Lakin müxtəlif səbəblərə görə (həmçinin ekoloji səbəblərə görə) ölkədə hidroenergetika çox da inkişaf etməyib.
Monteneqro və Balkan yarımadasının ən böyük gölü Skadar gölüdür. Səthinin sahəsi 369,7 km²-dir. Gölün ərazisinin üçdə ikisi Monteneqronun, üçdə biri isə Albaniyanın ərazisinə aiddir. Ölkə ərazisinin 41% meşələrdən, 40% isə otlaqlardan ibarətdir. Monteneqronun bitki növləri kifayət qədər rəngarəngdir. Ümumilikdə ölkə ərazisində 2833 bitki növü qeydə alınıb, onların 212 növü Balkan endemiki, 22 bitki növü isə Monteneqro endemikidir. Monteneqro konstitutsiyasına əsasən respublika "ekoloji dövlət"dir, ölkə ərazisinin 8,1%-i qoruqlardan və milli parklardan ibarətdir.
İQLIM
Monteneqronun şimalında iqlim mülayim-kontinental, Adriatik dənizi sahilində isə Aralıq dənizi iqlimi hakimdir. Dənizsahili ərazilərdə yay mövsümü adətən uzunmüddətli, isti (+23 — +25 °C) və quru, qışda isə qısa və sərin (+3 — +7 °C) keçir. Dağlıq rayonlarda mülayim isti yay (+19 — +25 °C), nisbətən soyuq qış (+5dən −10 °C kimi), yağıntılar adətən qar formasında yağır, qar örtüyü 5 aya qədər qala bilər. Ölkədəki yağıntıların miqdarı illik 500 mm ilə 1500 mm arasında dəyişir. Sahilə yaxın dağlıq ərazilərdə bu göstərici 3000 mm qədər artır.
ƏRAZI
Monteneqro vilayətləri
İnzibati bölgüsü 23 əyalətdən (opština) ibarətdir. Bunlar Andriyeviça, Bar, Berane, Biyelo, Polye, Budva, Çetinye, Danilovqrad, Herseq Novi, Kolasin, Kotor, Moykovaç, Nikşiç, Plav, Plyevlya, Plujine, Podqoriça, Rozaje, Savnik, Tivat, Ulciny, Zablyak, Petnyica ve Tuzi vilayətləridir.
DIN
XARICI SIYASƏT
3 İyun 2006-cı il tarixində Monteneqro Respublikasının Parlamentində Müstəqillik Haqqında Bəyannamə qəbul olunduqdan və 21 may tarixində keçirilmiş seçkilərin nəticəsi məlum olduqdan sonra Monteneqro Hökuməti, Monteneqro suveren dövləti olaraq beynəlxalq hüququn əsasını təşkil edən funksiyaları xarici siyasətdə öz istiqamətini müəyyənləşdirmə və ölkəni idarə etmə funksiyalarını həyata keçirməyə başladı. Hökumətin bu konstitusional zərurəti həyata keçirməsi məcburiyyəti Xarici İşlər Nazirinin xarici siyasətdə izləyəcəyi əsas ardıcıllığı müəyyən etməsi və bu məsələləri ölkə daxilində və xaricində tətbiq etməsi ilə əhatə olunur. Bu məsələlərin həllində Respublika Prezidenti, Parlamentin sədri və digər əlaqədar dövlət idarəçilərinin yaxından iştirakı nəzərdə tutulur. Monteneqro konstitusional statusunu dəyişməklə xarici siyasətdəki mövqeyini dəyişmədi. Əksinə, Monteneqronun bu sahədə göstərdiyi səylər onun bugünkü xarici siyasətindəki mövqeyində aparıcı qüvvə kimi müəyyən olunur. Monteneqro yaxın qonşuluq münasibətlərini özünün uğurlu inkişafının zəmanəti kimi dəyərləndirərək bu münasibətlərin daha da inkişaf etdirilməsinə başladı. Eyni zamanda, Monteneqro müstəqil dövlət olaraq Beynəlxalq forumlarda öz mövqeyini möhkəmləndirmək və gücləndirmək imkanı əldə etdi və bu kimi çox mühüm amillərin köməyilə münasibətlərini daha da genişləndirdi. Coğrafi mövqeyinə və əhalisinin sayına görə Monteneqro kiçik Avropa ölkələri sırasına daxildir. Monteneqro stabil, demokratik və çoxmillətli bir ölkə kimi inkişaf etmişdir və öz ümumi maraqlarını təkcə onu əhatə edən ölkələrlə deyil, bütün Avropa qitəsi və dünya ölkələri ilə bölüşür. Monteneqro şərqlə qərbin kəsişdiyi nöqtədə yerləşməklə Balkan və Aralıq dənizi ölkələri ilə qonşuluq edir, Avropa və AvroAtlantikaya inteqrasiyanın bir hissəsi olaraq stabil dövlət kimi tanınır və parlaq perspektivi ilə regiondakı dinamik çərçivənin bir hissəsini təşkil edir. Məhz belə bir mövqeyinə və imkanlarına görə Monteneqro öz xarici siyasətinin fundamental dəyərləri ilə bütöv bir tamlıq təşkil edir. Monteneqro müstəqil bir dövlət kimi xarici siyasətdəki fəaliyyətini strateji dövlət maraqlarına və ölkə vətəndaşlarının maraqlarına dayanaraq, regionda və Avropada hökm sürən prosesləri və qlobal perspektivləri nəzərə alaraq nizamlayır. Monteneqro Hökuməti xarici siyasətindəki maraqlarını aşağıdakı kimi nizamlamışdır:
Monteneqronun strateji məqsədi Avropa Birliyinə inteqrasiyadır. Bu məsələ Monteneqronun xarici və daxili fəaliyyəti çərçivəsində mühüm bir tapşırıq olduğu üçün gələcək dövr ərzində ölkənin xarici siyasətində öndə dayanan məsələlərdən biri kimi qalır. Monteneqro Avropa Birliyini Avropa standartlarına uyğunlaşma və onların qəbul olunması, gələcək islahatların bu standartlara uyğun şəkildə aparılması və həmçinin Avropa Birliyinə üzv ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün optimal bir qurum kimi görür. Monteneqroda belə bir fikir hökm sürür ki, inteqrasiyada inkişafın sürəti iqtisadiyyatda, siyasətdə, məhkəmədə, təhlükəsizlikdə və ümumi islahatlardakı dinamikadan, bütöv cəmiyyətin cəlb olunduğu islahatların səviyyəsindən və dərəcəsindən asılıdır. Xarici siyasətdə isə Monteneqro AB (Birliyə üzv ölkələr, Avropa Birliyi Sədrliyi, Avropa Birliyinə daxil üçlük) ilə müntəzəm siyasi dialoquna və öz xarici siyasətinin AB-nin xarici və təhlükəsizlik siyasətinə uzunmüddətli inteqrasiyasına xüsusi əhəmiyyət verir.
İQTISADIYYAT
Ənənəvi olaraq Monteneqro iqtisadiyyatının əsasını qara metallurgiya (mərkəzi Nikşiç), aliminium emalı (Potqoriça, elektrotexnika sənayesi (Çetinye), toxuculuq (Biyelo Polye), gəmiqayırma və gəmi təmiri (Biyela, Bar), ağac emalı (Rojaye, Berane, Plevliya, Nikşiç) sənayesi təşkil edir. Əsas faydalı qazıntıları boksit, dəmir filizi və daş kömürdür. Əsas sənaye fəaliyyəti tütün yetişdirilməsindən, duz hasilatından və aliminium istehsalından ibarətdir. Əsas kənd təsərrüfatı məhsulları taxıl, kartof, tütün, üzüm, sitruslar və əncirdir.
Yuqoslaviya dövründə Monteneqro federasiyanın geridə qalmış, dotasiya alan respublikası idi. Ölkənin iqtisadiyyatı 90-cı illərdə daha da tənəzzülə uğradı. Buna səbəb Balkanlarda gedən müharibə və kiçilmiş Yuqoslaviyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar idi. Buna baxmayaraq, 2000-ci illərin əvvəlində Monteneqro dünya arenasında özünə yer tapa bildi. Ölkə həm qış, həm də yay turizminin əsas məkanlarından birinə çevrildi, o zamandan bəri Monteneqroda hər il iqtisadi artım qeydə alınır. 2014-cü ildə ölkənin turizmdən əldə etdiyi gəlir ÜDM-nin 20%-ni təşkil edirdi. Ekspertlər yaxın 10 il ərzində gəlirlərin illik ortalama 7,7% artacağını proqnozlaşdırır.Herseq-Novi, Budva, Beçiçi, Petrovaç şəhərlərində, həmçinin Kotor körfəzindəki Kotor şəhərində tarixi və təbiətin görməli yerləri, keçmiş paytaxt Çetinye, Skadar gölü, Lovçen dağı, yüksək zirvədə yerləşən Ostroq monastırı, Tara çayının kanyonu, Durmitor milli parkı və onun dağ-xizək kurortu olan Jablyak (dəniz səviyyəsindən 1465 metr hündürlükdə, Balkanlarda olan ən hündür şəhər) beynəlxalq turizm kurortları kimi çox məşhurdur. Ölkə siyasəti turizm sahəsinin hərtərəfli inkişafına yönəlib, turizmə sənaye və kənd təsərrüfatı üzərində prioritet verilib. Monteneqronun ekoloji dövlət elan olunması da bu siyasətin tərkib hissəsidir. Ölkənin milli valyutası avrodur. Lakin ölkə avrozonanın üzvü olmadığına görə avronun emissiyası hüququna malik deyil və buna görə xaricdən gələn (əsasən xarici turistlərdən) pul vasitələri ilə dolanır.
NƏQLIYYAT VƏ ƏLAQƏ
Ölkədə dəmiryolu iki əsas istiqamətə malikdir: Podqoriçadan şimala Nikşiçə və Belqrada qədər, digəri Podqoriçadan Bar şəhərinə qədər. Monteneqroda şəhər nəqliyyatı zəif inkişaf edib. Şəhərlərarası avtobus nəqliyyatı nəqliyyatın köhnəliyinə və ölkənin dağlıq relyefə malik olmağı səbəbilə çox vaxt vaxt cədvəlinə uyğun işləmir. Ölkədə iki beynəlxalq aeroport fəaliyyət göstərir. Podqoriça aeroportu əsasən daimi, Tivat aeroportu isə çarter reyslərini qəbul edir. Monteneqronun milli sərnişindaşıma şirkəti Montenegro Airlines Avropanın şəhərlərinə uçuşlar həyata keçirir. Ölkədə həmçinin cəmi üç mobil operator fəaliyyət göstərir.