Azərbaycan və Monteneqro

İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımışdır. 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2006-cı ildə Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşmüşdür.

İqamətgahı Buxarest (hal hazırda Belqrad) şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monteneqroda səfiri təyin edilmiş, Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov 2010-cu ilin 6 oktyabr tarixində etimadnamələrini Monteneqro Prezidenti F.Vuyanoviçə təqdim etmişdir.

2010-cu ilin 25-26 noyabr tarixlərində Monteneqronun xarici işlər naziri Milan Roçen Azərbaycana rəsmi səfər etmişdir.

 

2011-ci ilin 14 sentyabr tarixində Monteneqronun Azərbaycan Respublikasında səfiri Ramo Braliçin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir.

2011-ci ilin 4-5 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Monteneqroya rəsmi səfər etmişdir.

2011-ci ilin 17-21 iyul tarixlərində AR iqtisadi inkişaf nazirinin müşaviri və Dövlət İnvestisiya Fondunun şöbə müdiri iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Monteneqroya səfər etmişlər.

2011-ci ilin 15-17 sentyabr tarixlərində Monteneqro prezidenti Filip Vuyanoviç Azərbaycana ilk rəsmi səfərə gəlmişdir. Səfər zamanı, Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, Milli Məclisin sədri ilə görüşmüşdür. Görüşlərdə ikitərəfli əlaqələrdə mövcud siyasi dialoq yüksək qiymətləndirilmiş, iqtisadi, sərmayələrin təşviqi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə qərara razılığa gəlinmişdir. 

6-7 noyabr 2011-ci il tarixində iqtisadi inkişaf naziri Şahin Mustafayev Monteneqroya rəsmi səfəri çərçivəsində Monteneqronun Prezidenti Filip Vuyanoviç, Baş Naziri İqor Lukşiç, Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçen, İqtisadiyyat Naziri Vladimir Kavariç və Bar şəhərinin meri Jarko Paviçeviç ilə görüşlər keçirmişdir.

21-23 dekabr 2011-ci il tarixində Monteneqronun Sosialistlərin Demokratik Partiyasının sədri Milo Cukanoviç və xarici işlər naziri Milan Roçen “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” beynəlxalq konfransında iştirak məqsədilə Azərbaycanda işgüzar səfərdə olmuşlar.

 

20 may 2012-ci il tarixində NATO-nun Çikaqo sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqronun Baş naziri İqor Lukşiçin görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

24 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi açılmışdır.

2012-ci ilin 28 iyun – 2 iyul tarixlərində Bakı şəhərində keçirilmiş Krans Montana Forumunda iştirak etmək məqsədilə Monteneqronun Prezidenti F.Vuyanoviç Azərbaycana işgüzar səfər etmişdir.

2012-ci ilin 15-17 iyul tarixlərində Monteneqronun Baş naziri İqor Lukşiç Azərbaycana ilk rəsmi səfərə gəlmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti, Baş nazirin müavini, Milli Məclisin Sədri və İqtisadi İnkişaf naziri ilə görüşmüşdür.

 

12-13 mart 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Monteneqroda ilk rəsmi səfərdə olmuşdur. Prezident İlham Əliyev Monteneqronun Prezidenti  Filip Vuyanoviç, Parlamentin Sədri Ranko Krivokapiç və Baş naziri Milo Cukanoviç ilə görüşlər keçirmişdir. Səfər zamanı 4 sənəd imzalanmışdır.   

3 dekabr 2013-cü il tarixində Monteneqronun Azərbaycanda Fəxri Konsulluğu açılmışdır. Vüqar Əliyev Fəxri Konsul təyin edilmişdir.

2013-cü ilin 15-17 dekabr tarixlərində Monteneqronun Prezidenti Filip Vuyanoviç “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün Azərbaycana səfər etmişdir.

 

2014-cü ilin 5 mart tarixində Monteneqronun Podqoritsa şəhərində Azərbaycan və Monteneqro iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının ilk toplantısı baş tutmuşdur. Azərbaycan hökuməti tərəfdən həmsədr iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev olmuşdur. Səfər çərçivəsində Monteneqronun Prezidenti  Filip Vuyanoviç, Baş naziri  Milo Dyukanoviç, Parlamentin Spikeri  Ranko Krivokapiç, iqtisadiyyat naziri  Vladimir Kavariç, maliyyə naziri  Radoy Yuqiç Şahin Mustafayevi və onun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul etmişlər. Səfər çərçivəsində AZPROMO və Monteneqro İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Monteneqro - Azərbaycan Biznes Forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT sahələrində fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-dək iş adamı iştirak etmişdir.

2014-cü ilin 14-17 aprel tarixlərində Monteneqro Parlamentinin Sədri, eyni zamanda ATƏT-in Parlament Assambleyasının fəaliyyətdə olan sədri  Ranko Krivokapiç Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində R.Krivokapiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş naziri  Artur Rasi-zadə, Milli Məclisinin Sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər dövlət rəsmiləri ilə görüşmüşdür.

17-20 sentyabr 2014-cü ildə Monteneqronun Baş naziri Milo Cukanoviç Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində M.Cukanoviç Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimində iştirak etmişdir. 

2014-cü ilin 26-29 noyabr tarixlərində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqro Konstitusiya Məhkəməsinin yaradılmasının 50 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün Podqoritsaya səfər etmişdir.

 

2015-ci ilin 28 mart tarixində Azərbaycan Respublikasının Prezident İlham Əliyev Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Miliçin etimadnaməsini qəbul etmişdir.

18 mart 2015-ci il tarixindən etibarən AR vətəndaşlarının etibarlı ümumvətəndaş pasportları ilə bütün il boyu Monteneqro ərazisində 90 günlük giriş-çıxış edə və yaxud tranzit olaraq istifadə edə biləcəkləri haqqında Monteneqro hökuməti tərəfindən qərar qəbul edilmişdir.

18-20 may 2015-ci il tarixində Monteneqro Parlamentinin sədr müavini, eyni zamanda Azərbaycan-Monteneqro Parlamentlərarası dostluq qrupunun sədri Syuliyo Mustafiç və Monteneqronun Elm naziri xanım Saniya Vilaxoviç 3-cü Mədəniyyətlərarası Forumda iştirak etmək üçün Azərbaycana səfər etmişlər.

12 iyun 2015-ci il tarixində Monteneqronun Prezidenti Filip Vuyanoviç I Avropa oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Bakıya səfərə gəlmişdir. Səfər zamanı Monteneqro Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevlə görüşmüşdür.

10 iyul 2015-ci ildə Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin ikitərəfli məsələlər üzrə Baş Departamentinin direktoru, səfir Lilyana Toskoviç Bakıda keçirilən “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

1-3 oktyabr  2015-ci ildə Monteneqronun Konstitusiya Məhkəməsinin sədri xanım Desanka Lopiç Azərbaycanda Konstitusiya Məhkəməsinin yaradılmasının iyirmi illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.     

27-28 oktyabr 2015-ci ildə Monteneqronun Baş naziri M.Cukanoviç Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı M.Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş naziri A.Rasi-zadə, fövqəladə hallar naziri K.Heydərov, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev, Dövlət neft şirkətinin prezidenti R.Abdullayev ilə görüşlər keçirmişdir.

 

29 fevral - 1 mart 2016-cı il tarixlərində Monteneqronun iqtisadiyyat  naziri (Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri) Vladimir Kavariç və iqtisadiyyat nazirinin müavini (Sənaye və sahibkarlıq üzrə Baş Direktorluğun Baş direktoru) Draqan Kuyoviç Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzrə Məşvərət Şurasıın ikinci toplantısında  iştirak etmək üçün Azərbaycanda  səfərdə olmuşdular.

9 mart 2016-cı il tarixində Monteneqronun Prezidenti Filip Vuyanoviç  IV Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər zamanı Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüşdür.

2016-cı ilin 20-22 may tarixlərində Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Monteneqronun müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Podqoritsa şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində Oqtay Əsədov Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşmüşdür. Görüşdə Milli Məclisin sədri Müstəqillik Günü münasibətilə dost Monteneqro dövləti və xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından, eləcə də Azərbaycan xalqı adından təbrik etmişdir.

2016-cı il  iyunun  23-26 tarixlərində  Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə  heyəti  Monteneqroda rəsmi səfərdə olmuşdur. Səfər zamanı R.Rzayev Monteneqronun Prezidenti Filip Vuyanoviç, Baş  nazirin müavini  Duşko Markoviç, Ali Məhkəmənin sədri Vesna Medenisa və Məhkəmə Şurasının sədri Mladen Vudçeviçlə görüşmüşdür.

5-7 oktyabr 2016-cı il tarixlərində Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun paytaxtı Podqoritsa şəhərində Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun fəaliyyətə başlamasının 60 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir.

 

22-24 fevral 2017-ci il tarixlərində Monteneqronun iqtisadiyyat naziri xanım Dragiça Sekuliç “Cənub Qaz Dəhlizi” nin Məşvərət Şurasının üçüncü iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

14-19 mart 2017-ci il tarixlərində Monteneqro Prezidenti cənab Filip Vuyanoviç “Bakı Qlobal Forumunun 5-ci iclası”nda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.

26-28 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikasının dövlət miqrasiya xidmətinin rəisi Firudin Nəbiyev  Monteneqroda rəsmi səfərdə olmuşdur. Səfər zamanı “Monteneqro Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanmışdır.

5-6 may 2017-ci il tarixlərində Monteneqronun Mədəniyyət Naziri Yanko Lyumoviç Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir      

4-6 iyul 2017-ci il tarixlərində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı Nazir S.Pribiloviç AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ilə görüş keçirmişdir.

21-24 avqust 2017-ci il tarixlərində Monteneqro Prezidenti cənab Filip Vuyanoviçin qızı Nina Vuyanoviç Bakı şəhərində keçirilmiş Qlobal Gənc Liderlər Forumunda iştirak etmişdir.

25-29 sentyabr 2017-ci il tarixlərində Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın rəhbərlik etdiyi heyət Azərbaycana rəsmi səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Monteneqro Prezidentinin həyat yoldaşı, Ali Məhkəmənin hakimi xanım Svetlana Vuyanoviç də daxil idi.

01-03 noyabr 2017-ci il tarixlərində Monteneqro Xarici İşlər Naziri Srcan Darmanoviç Azərbaycana rəsmi səfər etmişdir.

3-4 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olmuşdur. Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.